Bizə gələn suallardan və şərhlərdən görürəm ki, proqramlaşdırmaya yeni başlayanlardan bəziləri çox tez zamanda sıxılırlar. Bunun bir çox səbəbi vardır. 

Birinci səbəb: Bu sahə onlar üçün maraqsızdır, amma, kənardan onlara cəlbedici gəldiyi  üçün öyrənməyə başlayırlar. Buna görə də, qısa zamanda motivasiyadan düşürlər. Bu tamamilə normaldır. Nəyinki proqramlaşdırma sahəsində eləcə də, bütün sahələrdə belədir. Əgər bir sahə maraqsızdırsa o sahədə uğur qazanmaq şansı azalır.

İkinci səbəb: Dil biliklərinin az olmasıdır. Azərbaycan dilində İT sahəsinə uyğun məlumat çox azdır. Türkçə məlumat Azərbaycana nisbətən çox olmasına baxmayaraq, fikrimcə, bu sahədə self-study etmək üçün çox yaxşı məlumatlar yoxdur. Self-study etmək üçün sizə İngilis və ya Rus dili ən azı intermadiate səviyyədə lazımdır. 

Üçüncü səbəb: Başlayan zaman bilərəkdən ya bilməyərəkdən özlərinə qısa zaman vermələridir. Bir neçə aya öyrənə bilərəm deyib başlayırlar. Balaca göl düşünüb, suya girirlər daha sonra okeana daxil olduqlarını görürlər. Bu da onlarda ruh düşgünlüyünə səbəb olur. Ona görə başlamadan əvvəl özünüzə ən azı bir il vaxt verin.

Dördüncü səbəb: Öyrənmək üçün düzgün metodun seçilməməsi. Bəzən maraq, dil bilgilərinin olmasına baxmayaraq tələbələr düzgün öyrənmə metodu seçmədiklərinə görə motivasiyadan düşürlər. Buna görə metodun düzgün seçilməsi çox vacibdir.

Beşinci səbəb: Sürətli bitirməyə çalışma. Bəzi insanlarda belə bir xasiyyət vardır ki, başladıqları kitabı tez bitirməyə çalışırlar. Mövzuları bədii ədəbiyyat kimi oxuyub keçirlər. Bir müddətdən sonra geriyə baxdıqda çox şeyin yaddan çıxdığını görürlər. Bu da onlarda ruh düşgünlüyünə səbəb olur. Yeni başlayanlar üçün olan proqramlaşdırma kitabları elə hazırlanır ki, hər növbəti mövzu bir əvvəlkindən asılı olur. Yəni siz bir əvvəlki mövzunu tam anlamamısınızsa digər mövzuları da anlamaqda çətinlik çəkəcəksiniz. Ona görə də kitabı bitirmək üçün tələsmək qəti olmaz. Hər mövzunu tam anladıqdan sonra və praktik etdikdən sonra növbəti mövzuya keçmək olar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir